Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Hüseynov: “Dərsliklərə yazılacaq oyun olacaq” 

2022/2023 mövsümündə Premyer Liqada çıxış edən “Şamaxı”ya rəhbərlik edən Cavid Hüseynov cari mövsüm təsisçisi olduğu “Cəbrayıl”a qayıdaraq, komandaya yeni yaradılan II Liqada baş məşqçilik edir...

Azərbaycan millisinin 35 yaşlı sabiq futbolçusunun komandası II Liqada ilk 5 turdan sonra 12 xalla turnir cədvəlininin lideridir.

“Report”un suallarını cavablandıran Cavid Hüseynov həm çempionatın səviyyəsindən, həm Premyer Liqadakı mübarizədən, həm də “Qarabağ”ın UEFA Avropa Liqasındakı şanslarından danışıb.

- II Liqada artıq 5 tur geridə qalıb, komandanız turnir cədvəlinə başçılıq edir. Yeni yaradılan çempionatın startı ürəyinizcə alındı?
- Turnirlə bağlı düşüncələrim müsbətdir. II Liqanın yaradılması futbolumuzun hərtərəfli inkişafına kömək edə bilər. Düşünürəm ki, bu, Azərbaycan futbolu üçün xeyirli olacaq. Əlbəttə, müəyyən çətinliklər də var. Ən böyük problem meydan ilə bağlıdır. Azərbaycanda stadionun az olması da ümumi problemdir. Məşqçi kimi məni qane etməyən bir çox məsələlər var. Bunları nəzərə almasaq, start bizim üçün pis olmadı.

- Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev mövsümün püşkatma mərasimində bildirmişdi ki, II Liqada bir əlcəkli qapıçı, bir butslu oyunçu görsəniz, təəccüblənməyin. Vəziyyət o dərəcədə ağırdır?
- Açığı, klublar gözlədiyimdən daha yaxşı hazırlaşıblar. Aslan müəllim yəqin ki, maddi durumu nəzərə alaraq belə deyib. İndi hətta Premyer Liqa klublarına sponsor tapmaq çətindir. Yenə də vəziyyət o dərəcədə pis deyil. Əlcəksiz qapıçı, butssuz oyunçu görməmişəm. 7-8 komanda çempionata daha yaxşı hazırlaşıb. Ola bilsin ki, rayonlarda olan 2-3 komandada maddi sıxıntı var.

- Bəs sizin maddi durumunuz necədir?
- Normaldır, hər şey qaydasındadır. Demirəm ki, əladır. Cəbrayıllı bir iş adamı bizə dəstək verir. Hələlik maddi baxımdan elə bir sıxıntımız yoxdur.

- “Cəbrayıl” ilə bağlı planlarınız nələrdir?
- Bu klubu ərsəyə gətirəndə ən böyük arzum Cəbrayılda stadionun tikilməsi, komandamızın orada çıxış etməsi idi. Orada stadion hazır olana qədər ən azı I Liqada çıxış etməyimizi arzulayıram. Ora formalaşmış, hazır komanda kimi getməyimizi istəyirəm. Bunun alınıb-alınmayacağını, hansı maneələrlə üzləşəcəyimizi zaman göstərəcək.

- Ötən mövsüm Premyer Liqada “Şamaxı” klubuna rəhbərlik edirdiniz. Elitadan II Liqaya keçid etmək çətin olmadı?
- Heç bir çətinliyi yoxdur. Hər şeydən əvvəl öz komandamdır. Oktyabrın 23-də A kateqoriyalı məşqçi kursu başlayacaq. Mənim kateqoriyam isə Premyer Liqa komandasında çalışmağa kifayət etmir. Gələcəyim üçün bu kateqoriyanı onsuz da almalı idim. Bunun üçün isə hansısa komandada çalışmalıyam. “Qarabağ”ın U-19 komandasına baş məşqçi təyin olunmuşdum. Son anda maddi dəstək olmaq istəyən insan məndən “Cəbrayıl”ı çalışdırmağımı istədi. Həm o, həm də Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı məni komandada görmək istədilər.

- II Liqada kifayət qədər tanınmış veteran futbolçu çıxış edir. Matçlara baxanda meydana çıxıb oynamaq ürəyinizdən keçmir?
- Oynamaq həvəsim o qədər çox deyil. Komanda şəklində oyunları təhlil edirik. Bəzən məşq proseslərində emosiyalarımı futbolçulara çatdırmaq istəyirəm, çətinlik çəkirəm. Komandanın daxilində lider oyunçunun olması bu baxımdan baş məşqçinin işini asanlaşdıran məqam olur. Həmin anlarda meydanda olmaq istəyirəm ki, futbolçulara bunu əyani göstərə bilim. Amma bundan sonra futbol oynayacağımı düşünmürəm.

- Premyer Liqada birinci dövrə artıq geridə qalmaq üzrədir. İlk 8 tura əsasən təəssüratlarınız necədir?
- Çempionatımız getdikcə daha maraqlı olur. İnanıram ki, ildən-ilə Premyer Liqada komanda sayı artacaq. Bu, yalnız inkişafa təkan verər. Ötən mövsümü yüksək pillələrdə başa vuran komandalar cari mövsümün startında həmin performansı sərgiləyə bilməyiblər. Məsələn, “Qəbələ” ötən mövsüm avrokuboklara vəsiqə qazansa da, bu dəfə zəif təsir bağışlayır. Yenə də yekunla bağlı proqnoz vermək üçün hələ tezdir. İkinci dövrədən sonra çox şeyə aydınlıq gələcək. Məsələn, bəzən uğursuz start götürən komanda həmin şəkildə də davam edir, toparlana bilmir. Bəzən isə əksini görə bilirik. Mövsümün əvvəllərində autsayderlər qrupunda qərarlaşan hansısa klubun sona yaxın 2-3-cü yerlər uğrunda mübarizə aparmasının şahidi olmuşuq.

- Çempionluğa əsas namizəd yenə “Qarabağ”dır?
- Bu, şübhəsizdir. Düzdür, startda onlar da büdrədilər. Amma “Qarabağ”ın böyük təcrübəsi var. Bu klubun çempionatın gedişində toparlanmamasını gözləmək inandırıcı olmaz. Orada futbolçuların yanaşması yüksək səviyyədədir, yükü öz üzərlərinə götürə bilirlər. Bir-iki tur axsamaları normaldır. Bunun uzun müddət davam edəcəyinə inanmırdım.

- “Qarabağ”dan söz düşmüşkən, Ağdam klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hakken”in qonağı olacaq. Matçdan gözləntiniz nədir?
- Qələbə gözləyirəm. Doğrudur, “Hakken” ağır rəqibdir. Qrupa qədər irəliləyiblərsə, deməli, yaxşı komandadırlar. Ancaq mən daha çox Almaniyanın “Bayer 04” klubu ilə görüşü böyük maraqla gözləyirəm. Yəqin ki, Bakıdakı qarşılaşmanı stadiondan izləyəcəyəm. Çünki mənə maraqlı olan bəzi məqamlar var. “Bayer 04”ün gördüyü işlər də göz önündədir. Dərsliklərə yazılacaq oyun olacaq.

- “Qarabağ”ın növbəti mərhələyə vəsiqə qazanmaq şansını necə qiymətləndirirsiz?
- “Qarabağ” Norveç təmsilçisi “Molde”yə qarşı Bakıda sərgilədiyi oyunu digər matçlarda təkrarlaya bilsə, qrupdan çıxacaq. “Molde” ilə görüşü tribunadan izləyirdim. Rəqibi bütün komponentlərdə üstələdilər. “Qarabağ” həmin gün futbolun tələb etdiyi hər şeyi yüz faiz yerinə yetirdi. Açığı, bu qədər ideal çıxış gözləmirdim. İnanıram ki, növbəti matçlarda da eyni performansı göstərərlər.

Poliqon.info


Etiket: Cavid Hüseynov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar